Azərbaycanda müəlliflik hüququ
Azərbaycanda müəlliflik hüququ — Azərbaycanda müəllif hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləyən hüquq sahəsi. Müəlliflik hüququ və onun qorunması ilə bağlı məsələlər 5 iyun 1996-cı il tarixli 115-IQ nömrəli "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunda öz əksini tapmışdır. Belə ki, qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Adıçəkilən qanun, həmçinin, ifalar, fonoqramlar, efir və ya kabel yayımı təşkilatlarının verilişləri (əlaqəli hüquqlar) ilə bağlı münasibətləri də əhatə edir. Qanuna 2001, 2002, 2004, 2005, 2008, 2010, 2013, 2017, 2018 və 2021-ci illərdə əlavə və dəyişikliklər edilmişdir.
Azərbaycan əqli mülkiyyət hüququ sahəsində fəaliyyət göstərən hökümətlərarası təşkilatın — Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) 193 üzvündən biridir. Hazırda ölkədə müəlliflik hüququ sahəsində inkişafı təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən məsul qurum Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyidir.
== Tarixi ==
Azərbaycanda müəlliflik hüququnun tarixi anonimlik anlayışının müəlliflik şəxsiyyəti ilə əvəz edildiyi dövrlərə gedib çıxır. "Kitabi-Dədə Qorqud" dastanı buna nümunə ola bilər.
Sonrakı dövrlərdə əsərlərdə müəlliflərin adı xüsusi formada qeyd olunmağa başlandı; bununla da müəllifin adı həmin əsərin özündəcə qorunurdu.